Startap portalının əhəmiyyətindən bəhs edən növbəti tədbir keçirilib

“Naxçıvan” Müəllimlər İnstitunun Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə keçirdiyi tədbirdə ali təhsil ocağının İxtisas artırma və yenidən hazırlanma üzrə prorektoru Azad Novruzov çıxış edərək bildirib ki, startap portalı investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə dəstək olmaqdır.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri, işçi qrupunun üzvü Hüseyn Əsgərli qeyd edib ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə böyük ehtiyac var. Məhz bu səbəbdən ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir.Tələbələrimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün də istifadə edirlər. Bildiyiniz kimi, nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir.
Vurğulanıb ki, portal, ümumilikdə, 20 moduldan və 9 verilənlər bazasından ibarətdir. Burada həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin portalda rəsmi sənədlər, startap haqqında məlumatlar, startapçı olmaq üçün tələblər, layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri nəzərdə tutulub. Burada qeydiyyatdan keçərək portalın aktiv istifadəçisi kimi forumların iştirakçısı olmaq, yeni layihəni təqdim etmək, məsləhət almaq, hami təşkilatların internet resurslarına keçid edib onlarla birbaşa interaktiv əlaqə yaratmaq, investor olmaq, hər hansı işin ən innovativ həlli və digər məsələlərlə bağlı imkanlar yaradılıb.
Tədbir diskussiya şəraitində davam etdirilib, suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Rabitə   və  Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti