Naxçıvan Muxtar Respublikasında müasir rabitə sistemi yaradılıb

Azərbaycanda rabitə sahəsi ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə rabitənin inkişafı müasir dünya təcrübəsi nəzərə alınmaqla davam etdirilmiş, bu sahə üzrə islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmış, təcrübəli mütəxəssislər yetişdirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də rabitə və yeni texnologiyaların inkişafını diqqətdə saxlayır. Qəbul olunan dövlət proqramları və həyata keçirilən mühüm islahatlar nəticəsində Azərbaycan ümumdünya elektron məkanına sürətlə inteqrasiya edir.

Muxtar Respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar həyata keçirilən 5-ci mərhələ üzrə işlər başa çatdırılıb. Culfa rayonu ərazisində yeni nəsil telefon stansiyalara keçidlə əlaqədar Daewoo və Karel tipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil NGN tipli avtomat telefon stansiyaları ilə əvəz olunub. Bundan əlavə, Culfa rayonunun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 km uzunluğunda  yeraltı fiber optik kabel xəttinin tikinti işləri  başa çatdırılıb və xətt üzərində 3 qovşaq yaradılıb, həmin istiqamətdə fəaliyyət göstərən 18 avtomat telefon stansiyasının hər birinə  Gb/s-lik kanallar ayrılmaqla arabağlantı təmin edilib.
Naxçıvan Muxtar Respublikasında da rabitə və yeni texnologiyaların inkişafı daim diqqət mərkəzində saxlanılır, iqtisadiyyatın bütün sahələrində yeni texnologiyalar tətbiq olunur. Yeni optik kabel magistrallarının tikintisi iritutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır. 2013- 2014-cü illərdə muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılmışdır. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1600 kilometrə yaxındır. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, “Evədək optika” layihəsinin icrasına başlanmışdır.
İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, muxtar respublikanın internet resurslarının genişlənməsi ilə əlaqədar əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınmışdır. Həmçinin Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanmış, Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilmiş və muxtar respublikaya daxil olan internet kanalının həcmi iki dəfə artırılmışdır. Hazırda muxtar respublikanın telekommunikasiya sisteminin 94% faizini “NGN” texnologiyasına əsaslanan yeni nəsil telekommunikasiya sistemləri,  99.1 faizində genişzolaqlı, 99.5 faizində isə mobil internet xidmətləri göstərilir.
Naxçıvan Muxtar Respublikasında “Dövlət orqanlarının  elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanı ilə nazirliyə həvalə edilmiş vəzifələrin icrası  ilə əlaqədar  yaradılmış “Elektron hökumət” portalına daim xidmət və yenilənmə işləri həyata keçirilir.“Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı  tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunur. Bundan əlavə 150-yə yaxın  dövlət və ictimai təşkilata elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazır¬lanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncama uyğun olaraq, muxtar respublikada elektron təhsil infrastrukturunun inkişafı və təhsildə yeni texnologiyaların tətbiqi daim diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmiş, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri və elektron lövhələr quraşdırılaraq internetə qoşulması təmin edilir. Təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün 2014-ci ildə qurulan ineraktiv təhsil sisteminə qoşulmuş müzeylərə daha ikisi əlavə edilmiş, istifadəyə verilən səkkiz təhsil müəsissəsinin  fiber optik əsaslı interaktiv təhsil sisteminə qoşulması təmin edilmişdir. Hazırda muxtar respublika üzrə 236 təhsil müəssisəsi, 18  muzey “İnteraktiv Tədris Sistemi”nə qoşulmuşdur.
Naxçıvanda rabitə və yeni texnologiyaların inkişafı sahəsində görülən işlərin davamı olaraq 2016-cı il oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir. Artıq ötən qısa müddət ərzində Naxtel abunəçilərinin sayı 90 mini ötmüşdür.
Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. Xüsusilə informasiya cəmiyyətinin qurulmasında elektron medianın imkanlarından geniş istifadə olunur. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin internetsaytlarının yaradılması, sosial şəbəkələrdən istifadənin aktuallaşdırılması informasiyanın operativ şəkildə ötürülməsində və yayılmasında yeni mərhələnin əsasını qoymuşdur. 2014-cü ilin dekabr ayından analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmli televiziya yayımına keçid təmin edilir. Hazırda bütün yaşayış məntəqələrində 12 televiziya kanalının və 9 radio dalğasının rəqəmsal yayımı təmin edilmişdir. Bu gün Naxçıvan Dövlət Televiziyası və Radiosu internet üzərindən bütün dünyaya yayımlanır. Muxtar respublika ərazisində İP televiziyanın yayımı Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaratmışdır. Azərbaycan Respublikasında ilk dəfə teleradio kanallarının bir tezlik üzərindən yayımını təmin edən SFN texnologiyası Naxçıvan Muxtar Respublikasında tətbiq olunub.
Peşə bayramlarını qeyd edən muxtar respublikanın rabitə sahəsinin işçiləri bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublika sakinlərinə nümunəvi rabitə xidmətinin göstərilməsi istiqamətində səylə çalışacaqlar. Çünki muxtar respublikada rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər informasiya cəmiyyətinə inteqrasiyanı sürətləndirməklə yanaşı, həm də insanların rahatlığının təmin olunmasına hesablanmışdır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti