Yeni texnologiyaların tətbiqinə diqqət artırılır

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə  və internet xidmətlərinin göstərilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2020-cil in yanvar ayında qeyd olunan vəzifələrin icrası diqqətdə saxlanmış,  Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binasının açılışı olmuşdur. Bundan əlavə, Ordubad rayonunun Vənənd kənd mərkəzinin açılışı olmuş, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilmişdir. Rabitə evində quraşdırılan yeni nəsil 568 nömrəlik Avtomat Telefon Stansiyası Vənənd kəndində 391 abonentə və 228 internet istifadəçisinə xidmət edir. Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında muxtar respublikada 228 yeni telefon nömrəsi istismara verilib.

Muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir. Yanvar ayında muxtar respublika ərazisində, ümumilikdə, 5627 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 672 yeni abunəçi internetlə təmin olunub. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir.
Sədərək, Şərur, Kəngərli, Şahbuz, Babək, Ordubad və Culfa rayon İcra Hakimiyyətlərinə 3 və 4 rəqəmli hökümət nömrələrinin verilməsi üçün avadanlıqlar quraşdırılaraq istifadəyə verilib.
09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə əlaqədar muxtar respublikanın seçki dairələrində və məntəqələrində kompüter şəbəkələri və müşahidə kameralarının qurulması işini həyata keçirmək üçün işçi qrupu yaradılıb. Seçki günü muxtar respublikada seçki məntəqələrində proseslərin canlı izlənməsi üçün 7 seçki dairəsi üzrə 35 müşahidə kamerası quraşdırılıb və 292 seçki məntəqəsi telefonlaşdırılıb. Müşahidə kameraları vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.


Naxçıvan Muxtar Respublikası
Rabitə  və Yeni Texnologiyalar Nazirliyinin
mətbuat xidməti